Dünyanın düz vaxtları idi. Qurbağa gölünə hələ daş atmamışdılar. Hələ iki qonşu xalq arasında savaş başlamamışdı. Hələ arvadı erməni olan türk kişiləri təlaş keçirmirdilər. Hələ mən doğulmamışdım. Anam hələ məktəb oxuyurdu, atam hələ subay idi. Babam xərçəngdən ölməmiş, nənəm hələ dul qalmamışdı. Kəndimizdəki qoca palıd hələ utandığından ölüb yerə girməmişdi. Hələ kənd məzarlığında boş yerlər çox idi. Mollaların sayı artmamışdı. Kəndimizin erməni məzarlığı olan tərəfində hələ torpaq sürüşməmişdi. Əmimgilin biçənəyi hələ daşla dolmamışdı. Levon hələ qardaşı Aşotu öldürməmişdi. Hələ bulaqlar qurumamışdı. Kəndimiz hələ quraqlığın ən zalımını görməmişdi. Hələ ki dünyanın düz vaxtları idi.
Bahalı şokolad qutusu
Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhvalatı danışacağam. Bu bayram münasibətilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biri idi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər... Qonaqlar hələ dağılışmamışdı. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutularının arasında bahalı şokolad qutusu nəzərini daha artıq cəlb etdi. Tez qapağını açdı. İçindəki şokoladlardan birini götürüb yedi. Çox dadlı, ləzzətli idi... Qız elə bildi ki, şokolad qutusunu görən kimi ata-anasının da ağzının suyu axacaq. Amma valideynləri qızın hərəkətini bəyənmədilər. Onlar tamam başqa fikirdəydilər. Anası bahalı şokolad qutusunu tərifləyə-tərifləyə dedi: - Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...
N.S - nın ayaqları
N.S. anadan olanda adi çağalardan qətiyyən fərqlənmirdi və yalnız altı aylığında anası onun ayaqlarının bir az yekə olduğuna fikir verdi, bir yaşına çatanda isə anası gülə-gülə: - Deyəsən, ayaqları yekə olacaq…- dedi. N.S. üç yaşına çatanda onun ayaqları on yaşında uşağın ayaqları boyda idi və anası: - Baxın, - deyirdi. - N-nın ayaqları az qala mənim ayaqlarım boydadı. N.S. da elə o vaxtlardan ayaqlarına baxmağa başladı və get-gedə ayaqları onun üçün bütün oyuncaqlarını əvəz etdi. Səhər yerindən duran kimi, elə yerindəcə ayaqlarını uzadıb, boylanaraq ayaq barmaqlarını oynadırdı və həmin anlarda o, dünyanın ən gülənüz və xoşbəxt uşağı idi. O, həyətdəki uşaqlara fəxrlə ayaqlarını göstərirdi və uşaqlar onu ələ salanda, üzlərinə tüpürüb, evə, anasının yanına qaçırdı. Onun ayaqları gözgörəti böyüyürdü və dörd yaşlı N.S. evə gələn qonaqlara da artıq 39 ölçülü ayaqlarını göstərib, açıq-aşkar bir fəxarətlə: - Baxın,- deyirdi.- Ayaqlarım 39-dur. Və bir dəfə N.S.-nın atası professor K.S. ona acıqlanaraq: - Bir də heç kimə ayaqlarını göstərmə!- dedi və N.S. bərkdən ağlayaraq, qaçdı, anasını qucaqlayıb gözlərini yumdu.
Məsləhət gecəsi
Əli qələm tutan ya haqlı, ya haqsız, filosofluq edir. Yazılanları yada salıram: Pulu olan güclüdür... Gücü olan qalibdir... Həm pulu, həm də gücü olan ağıllıdır... Ədalət arzulanan meyardır... Şəhərin Şahsevənlər basalağının sakini Xəlil dayı müdrik çağına çatmış ömür qatarını bu yaşam məntəqələrinin hamısından sürüb keçib. Maraqlı burasıdır ki, bu dəyişdirici "məntəqələrdən" keçəndən sonra həddini aşmayıb, insanlığını itirməyib. Ona görə ki, hər tərəfdən sıxılan içindəki çocuğa bənzər ədalət hissini ölməyə qoymayıb. Özünün ölməməsi, sıradan çıxmaması üçün zamanın havasını nəzərə alıb. Xəlil dayı, başlıcası, özünə nəzarət etməyi bacarıb. Çoxlu pul da qazanıb, vəzifə atına da minib, ancaq insafını, xeyirxahlığını əldən verməyib. Beləliklə, o, basalağın sayılan, seçilən, hörmət qoyulan ağsaqqalına çevrilib. Bu səbəbdən getdikcə ondan məsləhət istəyənlərin sayı artıb. Faydalı bildiyini deyib, faydasızın üstündə "mən deyirəm!" deyə təkid etməyib. Həm də fikirləşib ki, ağıl ağıldan üstün olar, naçar qalan qoy gedib başqasına da gənəşsin.
Meşə həkimi
Biz yazda meşəni gəzib-dolaşıb ağacların oyuqlarında yaşayan ağacdələnlərə, bayquşlara baxırdıq. Birdən bizim qabaqcadan gördüyümüz qəribə ağacın o tərəfindən mişar səsi eşitdik. Bizə danışmışdılar ki, burada şüşə zavodu üçün qurulmuş ağaclar tədarük edirlər. Biz ağacın kəsiləcəyindən qorxduq, mişar səsi gələn tərəfə tələsdik, lakin indi, bizim ağcaqayın böyrü üstə yıxılmışdı, onun iri kötüyünün dövrəsində boş küknar qozaları vardı. Ağacdələn qozaları payızda daşıyıb ağcaqayının iki düyünü arasındakı yuvasına yığmış və bütün qışı dimdikləyib yemişdi. Kəsilmiş ağcaqayının yanında iki oğlan oturub dincəlirdi. Bu iki oğlan yalnız ağac kəsməklə məşğul idi. Onlara kəsilmiş ağcaqayını göstərib:- Ziyankarların biri ziyankarlar,- dedik,- sizə tapşırılıb ki, quru ağacları kəsəsiniz, görün bir siz nə eləmisiniz? Oğlanlar dedilər: -Gördük ki, ağacdələn ağacı deşik-deşik edib, onsuz da zay olur, ona görə kəsdirdik.