Birinci mərtəbədəki eyvanda həsir kresloda oturmuşdu. İnsan seli küçə boyu sağa-sola axırdı. Hava tutqundu. Göy üzündəki kirli pambığı xatırladan bulud çox yaxında idi. Gözünü o buluddan çəkmədi. Öz-özünə yanıb, kötüyünə qədər əridiyindən, iki barmağının arasındakı siqaretin közü ətini yandırdı. Siqaretin kötüyünü stolun üstündəki dəmir külqabıya basıb əzərək söndürdü. Qara tüstü yuxarı sovrulub gözdən itdi. Gözünü yenə də həmin o buluda zillədi. Bu bulud onun ömrü boyu çəkdiyi siqaretlərin tüstüsündən yaranmışdı... Dəmir külqabıdakı əzilmiş, boynubükük siqaret kötüklərinin qaralmış uclarından bürüşmüş sifətlər ona baxırdılar... Bu insan üzlərini sanki göydən yağan alovlu daşlar əridib eybəcərləşdirmişdi... Gözlərini külqabıdan çəkdi. Eyvanın önündən aramla keçənlərin sifətlərində məmnunluq vardı... Bu səssizliyi avtomobil şinlərinin uğultusu pozdu. Eyvanın qarşısında durdurulan Mersedesdən qara saqqallı üç nəfər endi.
Fövqəlzərərçəkən
Adəm bir gün əvvəl onu qətlə yetirməyə cəhd edənlərin kimliyini bilmirdi. Odur ki, hələlik gizlənməli idi. İçərişəhərdə Qız qalası ilə üzbəüz binanın üst qatındakı mənzilə sığınmışdılar. Həvva Adəmə görə narahat idi. Onun, hətta eyvana belə çıxmasına imkan vermirdi. Gecə saatları olduğundan ətrafdakı restoran və kafelər bağlanmış, İçərişəhərə sakitlik çökmüşdü. Adəm: - Həvva, sən narahat olma, ürəyim sıxılır, bir az hava alacam, - deyib, eyvana çıxdı. Onun arxasınca gələn Həvva başını Adəmin çiyninə söykəyib dedi: - Yəqin ki, bizim burda olduğumuz ağıllarına gəlməz. Adəm: - Mənim göyərçinim, dünya biz düşündüyümüzdən də çox kiçikdir. Onların əli uzundur. Geci-tezi bizim burda olduğumuzu da biləcəklər. Amma ən pisi odur ki, bu sui-qəsdi kimin sifariş etdiyini, məndən nə istədiklərini hələ də bilmirik. - Səninlə kimin düşmənçiliyi ola bilər? Özün bir düşün də. - İndi bəyəm yalnız düşmən olduqlarına pislik edirlər? Zamanın təkəri şərlə fırlanır. Bunlar şeytan alovundan yaranmış mərdimazarlardır. Adəm sözünü bitirər-bitirməz Qız qalasının üstündən alov dilimləri püskürdü. Qaladan eyvana doğru atılan yoğun kəndir məhəccərə dolanıb tarıma çəkildi. Kəndirin üstü ilə onlara doğru bir kəndirbaz gəlirdi. Həvva Adəmin əlini dartışdırıb, - Aman Allahım, bu kimdir? Gəl qaçaq, - dedi. Adəm: - Qorxma, qaçmaq mənasızdır. Artıq gecdir, - dedi.
Elvira
erlə Günəşin göz-gözə dayanan vaxtlarında - avqustda bir axşam lapdan ildırımlar çaxdı Ufaya, sel getdi. İldırım qorxusuyla taksidən düşüb üçüncü platformada dayanan Nijnevartovsk-Bakı qatarına tələsdim. Qatar vaxtında gəlmişdi. Bu qatara Sibir qatarı da deyirlər. Dodağı al-qırmızı, döşlərinin böyüklüyündən ağ köynəyinin düymələri hər an qırılıb uçacaq gonbul bələdçinin yanından birtəhər sivişib içəri girən kimi burnuma qadın qoxusu doldu. Plaskart vaqonda məxsusi nizamsızlıq hökm sürürdü. Öləziyən işıqların altında kişilər, qadınlar, uşaqlar kədərli görünürdülər. Bir anlıq mənə elə gəldi ki, o vaxt repressiya olunan adamlar geri dönür. 60 il əvvəl yük vaqonlarına doldurulub ac-susuz Sibirə ölümə gedənlər indi ailə-ailə yarıyuxulu qayıdırdılar. Dünəndən içimdə gəzdirdiyim gözəl qadınla iki günlük qatar səyahəti xəyalım 13-14-15-ci yerlərdə oturmuş ağsaqqal və iki qara gəncin varlığıyla qadın qoxusuna qarışıb əridi, çəkilməz əzaba dönüşdü. Yerbəyer olmuşdum ki, vaqon axmağa başladı.
Dəvəyə hürgüc neyə lazımdır
Saxara səhrasında bir Bala dəvə yaşıyırdı. Bir gün o bir sürü at gördü. «Onlar nə gözəldir, — düşündü bala dəvə, — amma məndə belə eybəcər hürgüc* var! Mən onlara oxşamaq istiyərdim». Və bala dəvə hürgücdən azad olmaq istədi. O yerdə kürəyi üstə firlanırdı, massaja gedirdi, hər cür hərəkətlər edirdi, diyetaya oturdu. Və nəhayət dəvənin kürəyi oldu düz. Bala dəvə özünə güzgüdə baxıb heyran olurdu. Və o dostlarnın qabağında özünü göstərmək istədi. Onun dəvə dostları cox təcübləndilər. Onlar ona hər tərəfdən baxırdılar, amma hec biri onu tərifləmədi. Bunnan sonra dəvələr səhrada qacmaq istədilər. Onlar bir biriylə otü otdüyə qacırdılar, amma bizim bala dəvə nesə tez yorulmaga başladı. O su icmək istədi, dili bayıra cıxdı və nəfə salmaq ona cətin oldu. Bala dəvə gözəl olmaq istəyirdi, amma yadınnan çıxardmışdı ki ona hücgür neyə lazım idi.
Yeddi mərtəbə
Erkən mart səhərində, qatarda bütün günü silkələnmədən sonra Cüzzeppe Korte məşhur klinikanın yerləşdiyi şəhərə yetişə bildi. Onun qızdırması azca qalxsa da, o, çamadanını özü daşıyaraq vağzaldan xəstəxanaya qədər piyada gedə bildi. Cüzeppe Kortenin xəstəliyi çox yüngül formada, hətta daha ilkin mərhələdə hesab olunacaq qədər olsa da, ona məhz bu klinikanı məsləhət görmüşdülər. Onda elə bir əminlik yaranmışdı ki, sanki bu məşhur klinikada yalnız onun xəstəliyi müalicə olunur, həkimlər daha ixtisaslı, rasional və ləvazimatlar da daha effektlidir. Cüzeppe Korte uzaqdan klinikanı görən kimi onu tanıdı, çünki onu prospekt reklamlarında görmüşdü və bu reklam onda çox böyük təəssürat yaratmışdı. Bu yeddi mərtəbəli ağ bina idi və öz memarlıq üslubu, dizaynı ilə daha çox mehmanxananı xatırladırdı. Xəstəxananın bütün ətrafı hündür ağaclarla əhatə olunumuşdu.