Elvira

erlə Günəşin göz-gözə dayanan vaxtlarında - avqustda bir axşam lapdan ildırımlar çaxdı Ufaya, sel getdi. İldırım qorxusuyla taksidən düşüb üçüncü platformada dayanan Nijnevartovsk-Bakı qatarına tələsdim. Qatar vaxtında gəlmişdi. Bu qatara Sibir qatarı da deyirlər. Dodağı al-qırmızı, döşlərinin böyüklüyündən ağ köynəyinin düymələri hər an qırılıb uçacaq gonbul bələdçinin yanından birtəhər sivişib içəri girən kimi burnuma qadın qoxusu doldu. Plaskart vaqonda məxsusi nizamsızlıq hökm sürürdü. Öləziyən işıqların altında kişilər, qadınlar, uşaqlar kədərli görünürdülər. Bir anlıq mənə elə gəldi ki, o vaxt repressiya olunan adamlar geri dönür. 60 il əvvəl yük vaqonlarına doldurulub ac-susuz Sibirə ölümə gedənlər indi ailə-ailə yarıyuxulu qayıdırdılar. Dünəndən içimdə gəzdirdiyim gözəl qadınla iki günlük qatar səyahəti xəyalım 13-14-15-ci yerlərdə oturmuş ağsaqqal və iki qara gəncin varlığıyla qadın qoxusuna qarışıb əridi, çəkilməz əzaba dönüşdü. Yerbəyer olmuşdum ki, vaqon axmağa başladı.

Üç adamın qırmızı günü

Təqvimlərdə bayramların rəmzinə çevrilmiş al qırmızı rəngləri, həm ellərin-obaların arzularının açılmış al qönçələrinə, həm də bayram mərasimlərində boyanan yumurtaların cücələrinə də bənzətmək olar. Amma adamların özlərinin də yaşadıqları ömürdə öz bayramları olur ki, bir tək onların ürəyindən tikan çıxarıb varlıqlarını zəfərlərinin al qırmızısına boyayır. Bəndələrinin sayına görə ellərin, ömürlərinin illərinə görə bəndələrin bayramları barmaqla sayıla biləcək qədər az olduğundan, təbiət də onların rəmzinə çevrilmiş al qırmızının ən təbii rəngini öz nadir daşlarından birinə bəxş etmişdi, - yaquta.

Axır ki...

Haqqında əfsanə dolaşırdı, amma bir vaxtlar hamı ona görə oğlunu, ailəsini ələ salırmış... Rüstəm İncəsənət İnstitutunun aktyorluq fakültəsinə 13 il sənəd verdikdən sonra qəbul olunmuşdu: arada 2 il əsgərliyi saymasaq, orta məktəbdən sonra hər il. Sevirdi bu sənəti, səhnədə böyük rollar yaratmaq istəyirdi, amma arzuları ürəyində qaldı, təyinat alıb gəldiyi əyalət teatrında ona böyük rollar vermədilər və bunun öz səbəbi vardı. Rüstəm təyinat alıb Bakıdan əyalət teatrına bir-neçə ay gec getdi, o, teatra gələndə artıq kollektiv yeni il şənliyinə hazırlaşır, qızğın məşqlər gedirdi. Baş rejissor Məhərrəmin ssenarisini özü yazıb, özü quruluş verdiyi nağıl-tamaşada Uzunqulaqdan başqa, bütün rollar bölünmüşdü. Əslində, Rüstəmin teatra gəlməsi baş rejissor üçün göydəndüşmə idi - yoxsa tamaşa Uzunqulaqsız qalacaqdı. Rüstəm Uzunqulaq oynamağa razı oldu və bununla da aktyorluq karyerasının edamına fərman verdi...

Lal dəniz

1997-ci il tarixini geri dəyişək. Bu tarixin 17,19, yaxud 91, 97, 79 yaşı olduğunu kim deyə bilər? Onun kainatında torpaq insandırsa, bəs onun neçə yaşı var? 17 yaşı varsa, tarixlərdə niyə yaşlıdır? O gənc oğlandır, yoxsa, qız? Bax, beləcə, özünə də suallar verən qızcığaz zaman dilimlərində bir az geriyə addımladı, lakin tarix 1997-ci ildən 7135-ci ilə dövr etdi. 7135... rəqəmlərin hər birinin tarixində bir insan doğulacağını kim düşünə bilərdi ki?!. Avqust ayının sonu, sentyabrın başlanğıcı. Aybənizin məktubu... Bax, bulud kimi göy üzündə uçmağa çalışırsan, lakin bacarmırsan. Bilirsən, niyə? Hə, əlbəttə, yenə bəlli bir cavabın olacaq. "Sən heç doğulmadın, ölmədin" cümləsini o qədər təkrarlamısan ki, artıq küçədəki maşınların tozu da bu cümləni özünə almaqdan qorxur.

Yarımçıq süjet

Dekoru butalı çayxana İçərişəhərin Murad qapısının qarşısında tikilmişdi. Şişpapaq bəy misalı görkəmi, qala divarlarının dibinə kölgə kimi düşürdü. Deyirdin çayxananın kölgəsi indicə silkinib, üzüyuxarı buludlara tərəf dırmanacaq. Görüşə yarım saat tez gəlmişdim. Kəklikotu ilə dəmlənmiş çay sifariş vermişdim, yanında da qoz mürəbbəsi. Hava hələ qaralmamışdı deyə, çayxanada müştəri çox deyildi. Qəlyan tüstüsü bir əlçim bulud kimi başımın üstündə halələnmişdi. Hərdən bir qoca kişi kimi xırıltıyla öskürürdü.