Bahalı şokolad qutusu

Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhvalatı danışacağam. Bu bayram münasibətilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biri idi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər... Qonaqlar hələ dağılışmamışdı. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutularının arasında bahalı şokolad qutusu nəzərini daha artıq cəlb etdi. Tez qapağını açdı. İçindəki şokoladlardan birini götürüb yedi. Çox dadlı, ləzzətli idi... Qız elə bildi ki, şokolad qutusunu görən kimi ata-anasının da ağzının suyu axacaq. Amma valideynləri qızın hərəkətini bəyənmədilər. Onlar tamam başqa fikirdəydilər. Anası bahalı şokolad qutusunu tərifləyə-tərifləyə dedi: - Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...

N.S - nın ayaqları

N.S. anadan olanda adi çağalardan qətiyyən fərqlənmirdi və yalnız altı aylığında anası onun ayaqlarının bir az yekə olduğuna fikir verdi, bir yaşına çatanda isə anası gülə-gülə: - Deyəsən, ayaqları yekə olacaq…- dedi. N.S. üç yaşına çatanda onun ayaqları on yaşında uşağın ayaqları boyda idi və anası: - Baxın, - deyirdi. - N-nın ayaqları az qala mənim ayaqlarım boydadı. N.S. da elə o vaxtlardan ayaqlarına baxmağa başladı və get-gedə ayaqları onun üçün bütün oyuncaqlarını əvəz etdi. Səhər yerindən duran kimi, elə yerindəcə ayaqlarını uzadıb, boylanaraq ayaq barmaqlarını oynadırdı və həmin anlarda o, dünyanın ən gülənüz və xoşbəxt uşağı idi. O, həyətdəki uşaqlara fəxrlə ayaqlarını göstərirdi və uşaqlar onu ələ salanda, üzlərinə tüpürüb, evə, anasının yanına qaçırdı. Onun ayaqları gözgörəti böyüyürdü və dörd yaşlı N.S. evə gələn qonaqlara da artıq 39 ölçülü ayaqlarını göstərib, açıq-aşkar bir fəxarətlə: - Baxın,- deyirdi.- Ayaqlarım 39-dur. Və bir dəfə N.S.-nın atası professor K.S. ona acıqlanaraq: - Bir də heç kimə ayaqlarını göstərmə!- dedi və N.S. bərkdən ağlayaraq, qaçdı, anasını qucaqlayıb gözlərini yumdu.

Məsləhət gecəsi

Əli qələm tutan ya haqlı, ya haqsız, filosofluq edir. Yazılanları yada salıram: Pulu olan güclüdür... Gücü olan qalibdir... Həm pulu, həm də gücü olan ağıllıdır... Ədalət arzulanan meyardır... Şəhərin Şahsevənlər basalağının sakini Xəlil dayı müdrik çağına çatmış ömür qatarını bu yaşam məntəqələrinin hamısından sürüb keçib. Maraqlı burasıdır ki, bu dəyişdirici "məntəqələrdən" keçəndən sonra həddini aşmayıb, insanlığını itirməyib. Ona görə ki, hər tərəfdən sıxılan içindəki çocuğa bənzər ədalət hissini ölməyə qoymayıb. Özünün ölməməsi, sıradan çıxmaması üçün zamanın havasını nəzərə alıb. Xəlil dayı, başlıcası, özünə nəzarət etməyi bacarıb. Çoxlu pul da qazanıb, vəzifə atına da minib, ancaq insafını, xeyirxahlığını əldən verməyib. Beləliklə, o, basalağın sayılan, seçilən, hörmət qoyulan ağsaqqalına çevrilib. Bu səbəbdən getdikcə ondan məsləhət istəyənlərin sayı artıb. Faydalı bildiyini deyib, faydasızın üstündə "mən deyirəm!" deyə təkid etməyib. Həm də fikirləşib ki, ağıl ağıldan üstün olar, naçar qalan qoy gedib başqasına da gənəşsin.

Göyərçin

Birinci mərtəbədəki eyvanda həsir kresloda oturmuşdu. İnsan seli küçə boyu sağa-sola axırdı. Hava tutqundu. Göy üzündəki kirli pambığı xatırladan bulud çox yaxında idi. Gözünü o buluddan çəkmədi. Öz-özünə yanıb, kötüyünə qədər əridiyindən, iki barmağının arasındakı siqaretin közü ətini yandırdı. Siqaretin kötüyünü stolun üstündəki dəmir külqabıya basıb əzərək söndürdü. Qara tüstü yuxarı sovrulub gözdən itdi. Gözünü yenə də həmin o buluda zillədi. Bu bulud onun ömrü boyu çəkdiyi siqaretlərin tüstüsündən yaranmışdı... Dəmir külqabıdakı əzilmiş, boynubükük siqaret kötüklərinin qaralmış uclarından bürüşmüş sifətlər ona baxırdılar... Bu insan üzlərini sanki göydən yağan alovlu daşlar əridib eybəcərləşdirmişdi... Gözlərini külqabıdan çəkdi. Eyvanın önündən aramla keçənlərin sifətlərində məmnunluq vardı... Bu səssizliyi avtomobil şinlərinin uğultusu pozdu. Eyvanın qarşısında durdurulan Mersedesdən qara saqqallı üç nəfər endi.

Fövqəlzərərçəkən

Adəm bir gün əvvəl onu qətlə yetirməyə cəhd edənlərin kimliyini bilmirdi. Odur ki, hələlik gizlənməli idi. İçərişəhərdə Qız qalası ilə üzbəüz binanın üst qatındakı mənzilə sığınmışdılar. Həvva Adəmə görə narahat idi. Onun, hətta eyvana belə çıxmasına imkan vermirdi. Gecə saatları olduğundan ətrafdakı restoran və kafelər bağlanmış, İçərişəhərə sakitlik çökmüşdü. Adəm: - Həvva, sən narahat olma, ürəyim sıxılır, bir az hava alacam, - deyib, eyvana çıxdı. Onun arxasınca gələn Həvva başını Adəmin çiyninə söykəyib dedi: - Yəqin ki, bizim burda olduğumuz ağıllarına gəlməz. Adəm: - Mənim göyərçinim, dünya biz düşündüyümüzdən də çox kiçikdir. Onların əli uzundur. Geci-tezi bizim burda olduğumuzu da biləcəklər. Amma ən pisi odur ki, bu sui-qəsdi kimin sifariş etdiyini, məndən nə istədiklərini hələ də bilmirik. - Səninlə kimin düşmənçiliyi ola bilər? Özün bir düşün də. - İndi bəyəm yalnız düşmən olduqlarına pislik edirlər? Zamanın təkəri şərlə fırlanır. Bunlar şeytan alovundan yaranmış mərdimazarlardır. Adəm sözünü bitirər-bitirməz Qız qalasının üstündən alov dilimləri püskürdü. Qaladan eyvana doğru atılan yoğun kəndir məhəccərə dolanıb tarıma çəkildi. Kəndirin üstü ilə onlara doğru bir kəndirbaz gəlirdi. Həvva Adəmin əlini dartışdırıb, - Aman Allahım, bu kimdir? Gəl qaçaq, - dedi. Adəm: - Qorxma, qaçmaq mənasızdır. Artıq gecdir, - dedi.