Mənsur və Sitarə

Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağ-çaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edəni qüvveyi-bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülani-xoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.

Qızlar bulağı

"Qızlar bulağı" romanı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında xüsusi yer tutur. "Nağıl içində nağıl" motivini xatırladan əsər Çoponun həyatının üç fərqli dövrünü əhatə edir. Çopo bütün həyatı boyu sanki dönüb-dolaşıb "Qızlar bulağı" ətrafında fırlanır. Çoponun mühafizəkarlıqdan kənar, azad mühiti eyni zamanda Azərbaycan milli kimliyini ifadə edir. Y.V.Çəmənzəminlinin repressiya qurbanına çevrilməsinin əsas səbəblərindən biri kimi göstərilən bu roman günümüzdə də aktuallığını qoruyur.

Ögey ana

Solmaz Əkrəmə ərə gedəndə Əkrəmin oğlu Adil cəmi üç aylıq idi. Arvadı isə kəndlərinə ermənilər növbəti dəfə hücum edəndə ölmüşdü. ermənilərin kəndə yağdırdığı mərmilərdən biri məhz həmin gün dünyaya övlad gətirən qadının olduğu otağın şüşəbəndinə düşmüş, qəlpələr ətrafda hər şeyi darmadağın etmiş, zahı ananın köksünü parçalamışdı. O gün Əkrəm qəlpə dəyməyən, möcüzə nəticəsində xilas olan yenicə doğulmuş körpəylə evdə tək qalmışdı.

İlk addım

Maaşını dəmir qutudan alsa da, "sağ ol" deyib, pulu çantasındakı pulqabına yerləşdirib, yoluna davam etdi. İçinə dolan sevincin səbəbini anlamasa da, addımlarındakı rahatlıq, xoş havanın ciyərlərinə dolan yüngüllüyündən üzünə təbəssüm qonmuşdu. Arada dayanıb, başından sürüşən ağ ipək yaylığını düzəldib, paltosunun yaxasını bir daha çəkib, sığallayıb, yoluna davam etdiyi vaxt qulağına gələn tanış səs onu saxladı. Dayansa da, geri dönə bilmədi, üzü dəyişdi, sanki bir anın içində illərin üstündən quş kimi uçub, təngnəfəs yerə endi.

Hesab dərsi və ya müqəddəs 44

Keçən ilin payızından o, anasında dəyişiklik hiss etməyə başlamışdı. Amma bu barədə nə anasından, nə də atasındn soruşmağa cürət etmişdi. Sanki bunun naməhrəm mövzu olduğunu bilirdi. Amma onlara tez-tez gələn və onunla arası açıq olan ata nənəsi Gülnisə demişdi ki, inşallah yazda hacıleylək ona dünya gözəli bir bacı gətirəcək... Hacıleylək hər il yazın ortalarında evlərinin qarşısında, yol qırağında çinarın budaqları arasında iri yuva qurardı. Həmin hacıleyləyin özünün də çox gözəl balaları olardı. Amma indi nənəsi deyəndə ki, hacıleylək ona bacı gətirəcək, sevincindən az qalmışdı ki, həmin leyləklər kimi pərvazlanıb havaya qalxsın.