İncə dərəsində yaz çağı

Reanimasiya briqadasının rəhbəri həyətdə, kölgəlikdə oturub dəsmalı ilə tərini silirdi. Kişi bərk tərləmişdi, elə bil hamamdan çıxmışdı: həm pörtmüşdü, həm təngnəfəs olmuşdu. «Gör nələr çəkirlər, fağırlar. Balaca işdimi, ölü dirildəsən?» Sayalı arvad həyətin xəlvət yerində, taxta köşkə oxşayan tikilinin yanında dayanıb, kölgəlikdə stul üstə oturmuş kök həkimin dəsmal ilə üzünü yellədiyinə tamaşa edirdi, özü də açıq-aşkar sezilən bir təlaşla: çünki doğrudan balaca şey deyildi, kənd feldşeri Sayalı arvada demişdi ki, Salahovun maşında dərəyə aşmış baldızını «diriltməyə» gələn bu eynəkli, sifəti sac boyda, buxağı xəmirsayağı ikiqat sallanıb qıpqırmızı qızarmış kişi Bakıda bütün ölü dirildənlərin ən böyüyü idi.

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar

Qardaşım məndən üç yaş böyük idi və hərbi xidməti də məndən üç il əvvəl bitirmişdi, amma nədənsə müharibənin beşinci günündə ilk zəng ona gəldi. Həmin axşam, evin hansısa künc-bucağına atdığımız balaca cib telefonunu da tapıb qardaşımın sabah özüylə aparacağı şeylər arasına qoyduq. Axşam yatmazdan əvvəl anamla atamın həyətdə asta səslə nəsə danışdıqlarını hiss elədim və anamın kövrək pıçıltısını eşitməmək üçün pillələri sürətlə qalxıb otağıma getdim. Bir az sonra qardaşım, nömrəsi çıxarılmış telefonla yanıma gəldi və gecə yuxuya getməzdən əvvəl onu necə çox istədiyimi ilk dəfə dərindən hiss edərkən gözlərim doldu.

Parisdə avtomobil qəzası

Kərim müəllim qarışıq yuxu görürdü, çoxdan ölüb getmiş adamlar idi, özü də atası, anası, yaxın adamları deyildi, köhnə qonşuları idi, iyirmi beş il bundan əvvəlki məktəb direktoru idi, arvadının uzaq qohumları idi, Nuridənin əvvəlki ərlərindən biri idi, hamı bir yerə yığışıb qarpız yeyirdi və o qarpız o qədər böyük idi ki, hər dilimi bir qayıq boyda və həmin çoxdan ölüb getmiş adamlar çıxıb bu dilimlərin üstündə oturmuşdular, əlləri ilə qarpızdan böyük-böyük parçalar qoparırdılar, əlləri, ayaqları qarpızın suyuna bulaşa-bulaşa yeyirdilər; qarpız qıpqırmızı idi və Kərim müəllim yuxuda bu al qırmızıya baxa-baxa hiss etdi ki, kimsə güllə atır, güllənin səsini eşitdi, sonra güllənin səsini bir də eşitdi və gözlərini açdı, başa düşdü ki, yuxu görürdü, amma yenə güllə səsi eşitdi, dikəlib yerində oturdu və yenə də açıq-aşkar güllə səsi eşidəndə cəld yerindən qalxıb pəncərənin qabağına gəldi.

Qatar. Pikasso. Latur. 1968.

Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxudurdu məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi. Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək. Məleykə xanımın əri arvadının yanağından öpdü, sonra da dedi ki, Moskvaya çatan kimi dərhal telefonla zəng eləsin; həm də tapşırdı ki, yolu necə başa vurduğunu söyləsin. Bunu lap xüsusi dedi, yəni ki, qızım, sənə deyirəm, gəlinim, sən eşit.

Quzu

Məmmədhüseyn kasıb bir kəndli idi. Günlərin bir günü kirvəsinin oğlu ona bir quzu sovqat göndərdi. Məmmədhüseyn istədi quzunu kəsə. Amma heyvanın belini sığallayıb gördü ki, bir dəridir, bir sümük. Bıçağı tulladı yerə. Quzunu da bağçaya ötürdü ki, bir neçə gün otlayıb əmələ gəlsin. Həmin vaxt qonşuluqda, Əziz xanın evində yenə çal-çağır vardı. Əziz xan içib keflənmişdi, uca səslə mahnı oxuyurdu. Məmmədhüseyn nə fikirləşdisə, quzunu bağçadan çıxardı. Qucağına alıb xanın evinə sarı yollandı. Həyətə girəndə gördü ki, burada yekə tut ağacı var, altında da üç-dörd quzu otlayır. Çardağın altında bir ağ at bağlanmışdı. Mətbəxdən qab-qacaq səsi gəlirdi. Qulluqçular mətbəxdən evə xörək, evdən də mətbəxə boş qab-qacaq daşıyırdılar. Məmmədhüseyn pilləkənlərlə eyvana qalxdı və nökərlərdən birinə dedi: − Sadıq əmioğlu, xana ərz elə ki, Məmmədhüseyn quzu gətirib.