Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var… peçenye də var – çay içərlər. Mirzə mətbəxdə bir loxma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfslənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

Quşlar uçmayan yerdə

Gənc aktyor İbrahim İbrahimov birinci mövsüm idi ki, Şaxta baba olurdu. Bu işi ona dünyanın əlləm-qəlləm haqq-hesablarından yaxşı baş çıxardan, burnunu hər yerə soxmağı bacaran ütük bir dostu düzəltmişdi. Düzəltmişdi ki, İbrahim yeni il bayramında bir az qəpik-quruş qazansın. İbrahim dostundan da razı idi, taleyindən də. Düzdü, təcrübəli, yaşlı həmkarları kimi böyük zallarda meydan sulamaq hələ ona qismət olmamışdı, uşaqları bəzəkli ağacın dövrəsində əyləndirmirdi, onlara qoşulub nəfəsli orkestrin çaldığı “Nəlbəki”yə oynamırdı, ancaq nə qəm – İbrahim evlərə gedib körpələrə hədiyyələr paylayırdı – İbrahim sifarişlə çağrılan Şaxta babaydı, ona görə də tay-tuşları adına “zakaznoy Ded moroz” deyirdilər.

Cehiz güzgüsü

Toy gününə bir həftə qalmış Abdullanın evinə bərk qan-qaralıq düşdü. Abdulla eşitmişdi ki, qız köçürtmək ağır işdi, amma heç ağlına da gətirməmişdi ki, bu ağırlıq bapbalaca bir şeyin ucbatından olacaq. Qızın cer-cehizi çoxdan düzəlmişdi: iynə-üskükdən tutmuş mebeləcən hər şeyi vardı. Birdən duyuq düşdülər ki, güzgü yoxdu.

Qarlı bir gün

Maşın axırıncı binaların yanından ötüb, şəhərdən çıxdı. Sonu görünməyən düzənlik başlandı. Dünənə qədər bozaran çölə indi elə bil ağ kətandan qalın pərdə çəkmişdilər. Qar dənələri fırlana-fırlana yerə ələnirdi. Sanki göydə saysız-hesabsız kəpənək dəstəsi uçuşurdu. Soyuq adamın bədənini ağaca döndərirdi. Arx boyu seyrək əkilmiş xırda çılpaq ağaclar başlarını yerə vurub təzədən dikəlirdilər. Yol-iz görünmürdü. Maşın teleqraf dirəklərinin tuşu ilə elə bil əl havasına gedirdi.

Hayıf ki, yoxdur!

Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tər cığalı siyah tellərin Hərdən tamaşası, hayıf ki, yoxdur!