Qırmızı limuzin

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu? Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində qohumları, ya dostları, tanışları yaşayırmış. Yadına sala bilmirdi.İşlədiyi idarənini yolu bu küçələrdən keçmirdi. Şəhəri sərgərdan dolaşıb dəxli olmayan məhəllələrdə azmaq şakəri də yoxdu. Bəs nədən bütün yan-yörə ona bu qədər məhrəm gəlirdi, sanki haçansa bu həndəvəri qarış-qarış, addım-addım hadırlamışdı. Bir də içindəki bu təşviş, qəribə nigarançılıq, narahatlıq hissi - məşum bir duyğu - hardandı? Sanki nədənsə eymənirdi. Nədən? İçində elə bir hiss vardı ki, sanki ömrü boyu yaşadığı şəhərin tanış gəlməyən bir məhəlləsinə deyil, özgə, yad bir şəhərin ona tanış görünən küçələrinə düşmüşdü.

Qara at

Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu, bir padşah vardı. Günlərin bir günündə padşahın arvadı ölür. Onun ölən arvaddan İbrahim adlı bir oğlu qalır. İndi keçək padşahın ikinci arvadı görək nə edir. Padşahın ikinci arvadından da bir oğlan olur. Padşah buları qoyur dərsə. Bir az müddət dərsə gedib gələndən sora, padşah bir gün qonaqlıq edir. Şərbət paylayırlar. Padşah əmr verir: İlxıdakı atlarımdan yoxsul adamlardan hərəyə bir at versin. İbrahim dərsdən gəldi. Bir də gördü ki, bir qoca əkinçi yedəyinə almış zil qara bir day aparır. İbrahim qocanı saxladı: Dayı, haradan gəlirsən?

Pinəçi Məhəmməd

Biri vardı, biri yoxdu. Allahdan başqa heç kim yoxdu. Bir pinəçi Məhəmməd vardı. Bu Məhəmməd nə qədər əlləşərdi, gündə bir abbası qazancı olardı. Öz züryəti də yoxdu. Bir arvadıydı, bir də özü. O, bir abbasını da evə gələndə verərdi soğan-çörəyə, gətirib yeyərdilər. Başqa heç bir şey almazdı. Bu şəhərdə də bir lotu vardı. Bu lotunun bir çəkməsi vardı, bunu gətirdi verdi Məhəmmədə ki: – Bunu yama. Neçəyə yamayacaqsan? Məhəmməd dedi: – Gündə nə qədər yamaq yamıyam, bir abbası nəfim olar. Dedi: – Mən iki abbası verərəm, yama! Məhəmməd, bir abbasıynan nə təhər dolanırsınız? Məhəmməd dedi: – Nə bilim, onu evə gedəndə verirəm soğan-çörəyə, aparıram, yeyib-dolanırıq. Lotu öz-özünə dedi ki, gedim görüm bunun arvadı nə cür adamdı. Axşamçağı pulu verdi, çəkməni alıb geyindi gəldi Məhəmmədin evinə. Baxdı gördü bunun arvadı göyçək, şücahətdi bir adamdı.

Mən, sən və o

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri. Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm. İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.

Kabus dolu gəmi

Alsorda atamın balaca bir dükanı var idi; adətən, əlindəki var-dövləti itirməkdən qorxan və risk etməyi sevməyən adamlar bu cür ortabab dükanlara sahib olurlar. Atam məni çox sadə və dürüst insan kimi tərbiyə etmişdi; istədiyinə də nail olmuşdu — hələ kiçik yaşlarımdan ona yardım etməyə başlamışdım. On səkkiz yaşım təzə tamam olmuşdu ki, atam həyatında ilk dəfə böyük ticarətə atılmaq qərarına gəldi və bir sövdələşməyə razılıq verdi. Amma çox keçməmiş dünyasını dəyişdi; mənə elə gəlir ki, onun ürəyini partladan şey min qızıl sikkəni ucsuz-bucaqsız dənizə etibar etməsi idi — bu cür həyəcana onun qəlbi çətin ki tab gətirəydi. Ölümündən bir neçə həftə sonra atamın yük daşıtdırdığı gəminin batması xəbəri də özünü çox gözlətmədi; xəbəri alaralmaz, nə qədər qəribə olsa da, atamın həyatda olmadığına görə sevindim.