Böyük Amerika yazıçısı Mark Tvenin (1910) ‘Tom Soyyerin macəraları’ romanı dünya uşaq ədəbiyyatının incilərindən sayılır. Əsər Tomla dostlarının başına gələn maraqlı, qorxulu və əyləncəli hadisələrdən bəhs edir. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir…
Vinni Puh
Görkəmli ingilis yazıçısı Alan Aleksandr Miln 1882-ci ildə Londonda dünyaya gəlib. Uşaqlıqda yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Müxtəlif janrlarda əsərlər yazsa da, ona dünya şöhrəti gətirən «Vinni-Puhun nağılları» olmuşdur. Əsərin əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır. Bu qəribə oyuncaqlar meşədə yaşayır, canlı varlıqlar kimi həyatın müxtəlif çətin sınaqlarından çıxırlar. Dərin yumorla yazılmış «Vinni-Puhun nağılları» nəinki uşaqlar, hətta böyüklər tərəfindən də maraqla oxunur. Dünyanın əksər dillərinə çevrilmiş bu əsər əsasında saysız-hesabsız cizgi filmləri çəkilib. Miln 1956-cı ildə vəfat etsə də, adı «Vinni-Puhun nağılları» sayəsində əbədi yaşayacaqdır.
Çipollinonun Macəraları
Adı və əsərləri qısa müddətdə dünya ədəbiyatı xəzinəsinə daxil olan italyan kommunist yazıçısı Canni Rodari (1919) xüsusilə uşaq və gənclərin sevə-sevə oxuduqları bir çox şeir və nağılvarı əsərlərin müəllifidir. Bu baxımdan, onun dünya ədəbiyatında ən çox tanınmış və geniş yayılmış əsəri – “Çipollino” nağıl-povesti səciyyəvidir. Bu kitabda oxuyacağınız həmin əsərin qəhrəmanları: Soğan, Qabaq, Turp, Kəvər, Pomidor, Portağal, Limon, Noxud, Albalı və sair meyvələrdir. Əslində isə, bütün bunlar əsər boyunca öz hərəkət və rəftarları ilə insan cəmiyətini, daha dəqiq desək, Rodarinin yaşadığı zaman və məkanın ayrı-ayrı sinif və təbəqələrini təmsil edən nümayəndələrdir. Əsərin baş qəhrəmanı – Çipollino (bala soğan) nağılvarı bir ölkəyə səyahət edərək yoxsulları müdafiə edir və zalımlara qarşı mübarizə aparır. Burada yazıçı xəyalı ilə həyat həqiqəti bir-birilə qaynayıb-qarışır, müəllif çağdaş İtaliyanın ictimai həyatının bütün ziddiyətlərini nağılda olduğu kimi aydın, canlı, gülünc şəkildə əks etdirir.